Karakter boyutu : 12 Punto 14 Punto 16 Punto 18 Punto

“Soyqırımın” soyuq üzü

27.04.2010 19:55
İspan kraliçası İzabella İspaniyada və bütün Avropada müsəlmanların axırına çıxandan sonra keçmiş ərəb məscidinin yerində dəfn olunmasını və məzarı üzərində müqəddəs “La İlahə İllallah” sözlərinin yazılmasını vəsiyyət edib.

Təqribən 100 il əvvəl “günəş altında yer axtaran”, “dünyanı yenidən bölmək istəyən” qərb dövlətləri Avropanı qan çanağına çevirdilər. Ordular üz-üzə durdu, xalqlar qarşı-qarşıya gəldi, insanlar min əzaba düçar oldu  -  I Dünya savaşı başladı.

 İsti okeanlara can atanlar da, İstanbulu xristianlığın paytaxtına çevirmək istəyənlər də, şərqə səlib yürüşü edən cəngavərlərin nəvələri də, top-tüfəngini, silah-sursatını bazara çıxaran pulagir kapitalistlər də, inqilab etmək, çar hakimiyyətdən qisas almaq istəyən bolşeviklər də, heçliyini dərk edən milli qruplar da hərəkətə keçdi.  

Atillanın atının dırnaqlarının ovub tökdüyü Bizans oyunbazlığı dirçəldi, Sultan Mehmet Fatehin qılıncı ilə Avropaya gətirilmiş düzən qarışdı. Xristian dünyasının təhriki, Rusiyanın vədi, bolşeviklərin ideoloji təbliğatı və Fransa yalanlarının təsiri altına düşən ermənilər də bu qarışmış dünya bazarında öz “mal”ını satmaq, erməni kurnazlığı ilə “az xərclə çox qazanmaq” iddiasına düşdülər. Qərbin Osmanlı dövlətinə qurduğu tələyə qoyulmuş yem rolunu oynadılar. Heç vaxt basqıya, milli mənsubiyyətə görə ayrı-seçkiliyə məruz qalmadıqları tolerant Osmanlı İmperiyasında hakimiyyətin yüksək postlarına gətirilən, orduda general rütbəsinə qədər qaldırılan, dünyanın heç bir ölkəsində və dövlətində görmədikləri firavanlıqda yaşayan ermənilər dövlətə və yüz illərlə qonşu olduqları sadə insanlara xəyanət etdilər. Milli və dini ayrı-seçkiliyə və türk düşmənçiliyinə yönəldilmiş daşnak ideoloji konsepsiyasını həyata keçirməyə başladılar.  

Müstəmləkələr hesabına sürətlə inkişaf edən, güclənən və qəsbkarlıq siyasəti yeridən Rusiya və Avropa onun qarşısında möhtəşəm qalaya çevrilmiş Osmanlı İmperiyasını daxildən sarsıtmaq, birliyini pozmaq və parçalamaq üçün xristian təəssübkeşliyindən və klassik erməni xəyanətkarlığından istifadə etməyə çalışdı, Türkiyədə, İranda, Gürcüstanda və Azərbaycanda yaşayan erməniləri ayağa qaldırdı, dünyanın bir çox mənfur ünsürlərini hərəkətə gətirdi. 

Qafqazda və Türkiyədə milli zəmində qırğınlar törədildi, dünənə qədər mehriban yaşayan, bir tikə çörəyini bölən, dərd-sərləri, ağrı-acıları, əzab və iztirabları eyni olan insanlar bir-birinə düşmən kəsildilər. Bir tikə çörəyini daşdan çıxaran sadə adamlar bu düşmənçiliyin səbəbini nə o zaman anladılar, nə də indi anlaya bilirlər.

Qərb dövlətləri və Rusiya tərəfindən silahlandırılmış ermənilərin Türkiyədə, Gürcüstanda, Azərbaycanda, İranın şimal əyalətlərində dinc əhaliyə qarşı törətdiyi cinayətlərin, kütləvi qırğınların qarşısını almaq üçün Osmanlı dövləti öz gücünü göstərməli, quldurları təhlükəsizləşdirməli, əhalini qorumalı oldu.

Xəyanətkar generallar cəzalandırıldı, silahı yerə qoymayan əliqanlı cinayətkarlar məhv edildi.

            Tarix belə hallarla çox qarşılaşıb. Qiyamçılar intizama, asilər düzənə gətiriliblər, cinayətkarlar qanuna tabe ediliblər, xəyanətkarlar cəzalandırılıblar. Bu qəribə deyil...

            ... Qəribə odur ki, ermənilər bu xəyanət və cinayət gününü utanmadan milli “soyqırımı” kimi qeyd edirlər. Bəlkə də nə zamansa, erməni xalqının ləyaqətli övladları tapılacaq, həqiqəti etiraf edəcək, bu günə görə qonşu xalqlardan üzr istəyəcəklər.

.... Bundan da qəribəsi odur ki, üstündən yüz il keçəndən sonra vaxtilə dini ayrı-seçkiliyə görə Varfolomey gecəsini yaşamış, ABŞ-da hinduların axırına çıxmış, Vyetnam cinayətlərini, Əlcəzair qırğınlarını törətmiş, siyasi əqidəsinə, irqi fərqinə, dini dünyagörüşünə və milli mənsubiyyətinə görə milyonlarla insanı məhv etmiş, indi də İraqda və Əfqanıstanda dinc əhaliyə divan tutan, bu xalqlara qarşı “soyqırımı” həyata keçirən, “mədəniyyətlərin mübarizəsi” konsepsiyasını irəli sürən siyasətbazlar və onların nəvələri yüz ildən sonra türk və erməni xalqlarının qanı bahasına həyata keçirdikləri bu faciəni yenidən primitiv şəkildə oynanılan teatrlaşdırılmış siyasətə gətirmək istəyirlər.

 Suallar yaranır, 100 il bundan əvvəl baş vermiş bir hadisəni niyə məhz bu gün siyasətə gətirirlər? 100 il əvvəlin xəbəri bu günmü bunlara çatıb, indiyə kimi niyə yada düşmürdü? Niyə dünya siyasətçiləri arxivləri açmadan, məsələnin mahiyyətinə varmadan, həqiqətləri araşdırmadan, faktları öyrənmədən qərar qəbul edirlər? Necə olur ki, dünya mədəniyyətinə Hüqo, Balzak, Russo kimi onlarla dahi vermiş fransız xalqının parlamenti heç bir faktiki və hüquqi əsas olmadan türklərin erməniləri genosidə uğratdığı haqda qərar çıxarır? Az imiş kimi, bu tarixi saxtakarlığa şübhə ilə yanaşan hər kəsin cinayət məsuliyyətinə cəlb edilməsi haqda qanun da qəbul edir? Məgər, fransız xalqının mənəviyyatı o qədər aşağı düşüb ki, belə ədalətsizliyə, əxlaqsızlığa, haqsızlığa və qanunsuzluğa göz yumur? Niyə Amerika Konqresində xarici əlaqələr komissiyası türklərin ermənilərə qarşı “soyqırımı”nı heç bir fakta və tarixi həqiqətə söykənmədən tanımaqla, demokratiya və insan haqları anlayışları və idealları ilə alver edən ucuz, köhnə əşya satan küçə alverçisinə bənzər duruma düşməyi özünə rəva görür? “Millət atalar”ının, Amerika dövlətinin yaradıcılarının ədalət fəlsəfəsinə, dövlətçilik prinsiplərinə və adi insani ləyaqət anlayışına yad olan bu addımı Amerika Birləşmiş Ştatları dövlətinin konqresmenləri niyə atır?  

Bu suallar Azərbaycan cəmiyyətində hər gün, hər yerdə verilir. Məntiqsiz duruma düşmüş gənclər də, Ermənistanda yerli azərbaycanlılara, Xocalıda köməksiz insanlara qarşı törədilən cinayətlərin şahidi olan orta nəsil də, 1915-1918-ci illərdə Bakı qırğınlarını, Quba faciəsini, Naxçıvan, Zəngəzur hadisələrini, Şamaxı xəyanətini görmüş yaşlılar da bu sualları tez-tez verirlər. Görəsən, nə baş verir?

Təkzib olunmaz faktlarla sübut olunub ki, 1915-1918-ci illərdə Türkiyədə türklərə və kürdlərə qarşı erməni qətliamının arxasında birbaşa Fransa dururdu. Türk paltarında erməniyə ilk güllə atan da, erməni paltarında türklərə və kürdlərə ilk hücum edən də fransız əsgərləri və onların ələ aldıqları adamlar olublar. Rusiya bu qırğınlara on illərlə hazırlaşdı, erməni xəyanətini hazırladı. Erməni məsələsi çar Rusiyasının daxili və xarici siyasətinə o qədər dərin işlədi ki, hakimiyyət dəyişəndən, bolşeviklər hakimiyyətə gələndən sonra da bu siyasi doktrina dəyişmədi. Dəli Pyotrun siyasətini “ağıllı” Lenin də davam etdirməli oldu.

Erməniləri Türkiyəyə qarşı qaldıran, Qafqazda qırğınlar törədən hökumətlərin varisləri bilirlər ki, erməni-türk münaqişəsi ilə bağlı arxivlər açılsa, onların babalarının əməlləri, dövlətlərinin əxlaqsız siması açılacaq, “atan kazaklardır” deyiləcək.

Erməni siyasətçiləri və tarixçiləri də bilirlər ki, bu arxivlərin açılması onlar üçün də faydalı deyil. Çünki tarixi həqiqətlər üzə çıxsa, bütün dünya biləcək ki, Osmanlı ordusunun generalı erməni Andranik paşanın qulağı niyə kəsilib?!

Arxivlərin açılması bu gün dünya siyasətini yönləndirən siyasətçilər üçün də əlverişli deyil. Arxivlər açılsa, həmin siyasətin bu gün də davam etdirildiyi, həm də təkcə Türkiyəyə münasibətdə deyil, digər xalqlara qarşı da davam etdirildiyi üzə çıxacaq.

Ümumiyyətlə, ermənilərə qarşı “soyqırımı” ilə bağlı məsələlər tarixin məsələsi olmaqdan çıxıb, bugünkü beynəlxalq real siyasətin məzmununa hopub.

Bu gün “soyqırımı”nı tanımaqla Avropa, Amerika və Rusiya İraqda, Əfqanıstanda və Gürcüstanda törətdiyi cinayətlərə və gələcəkdə İrana və digər dövlətlərə qarşı yönələ biləcək qəddar və qəsbkar siyasətlərinə haqq qazandırmaq, “vəhşi asiyalılar”ın və “terrorçu müsəlmanlar”ın əl-ayağını yığmaq, dünya ictimaiyyəti və öz xalqları qarşısında həyata keçirdikləri xarici siyasətin təcavüzkar üzünə humanist maska geyindirmək istəyirlər.

Qərb siyasətçilərinə sürətlə inkişaf edən şərqə həsrətlə baxan abivatel qərbliyə şərq həyatının “qəddarlığını”, “ədalətsizliyini” göstərmək, getdikcə deqradasiya olunan qərb “cənnəti”nin və iqtisadi münasibətlər sisteminin kiçik bir böhran nəticəsində nə günə düşdüyünü ört-basdır etmək, aşınmaqda olan həyat tərzinə ictimai haqlılıq qazandırmaq, ona ədalətli və azad cəmiyyət görüntüsü vermək üçün şərq dünyasının pis olduğunu göstərmək lazımdır. Dünyanın şərq-qərb dəngəsinin şərqin xeyrinə sürətlə dəyişdiyi, Çin, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Sinqapur, Koreya, Türkiyə və Qazaxıstan kimi dövlətlərin önə çıxdığı indiki zamanda narahat qərbə “soyqırımı”, “çarşab siyasəti”, “minarə problemi” və s. lazımdır.

Mənəvi atalarının və dini ağsaqqallarının pedofillikdə və seksual zorakılıqda ittiham olunduğu qərb dünyası mənəvi və siyasi aşınmadan xilas yolunu köhnə düşməni yeni sifətdə təqdim etməkdə görür.

Unutmaq olmaz ki, babalarının qılıncla, topla, səlib yürüşləri və milli qırğınlar törətməklə əldə edə bilmədiklərini qərb siyasətçiləri teatrlaşdırılmış diplomatiya və öngörülü beynəlxalq siyasətlə əldə etmək istəyirlər.

1948-ci ildə BMT-də “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanı qəbul edənlər “soyqırımı”nın ardıcıl həyata keçirilən siyasət və əlaqələndirilmiş fəaliyyət sistemi olduğunu yaxşı bilirlər. Türkiyənin nə Osmanlı imperiyası dövründə, nə də Cümhuriyyət dövründə heç bir millətə, o cümlədən də ermənilərə qarşı “soyqırımı” siyasəti aparmadığını aborogen hinduların məhv edilməsinə yönəlmiş sistemli fəaliyyət göstərmiş Amerika hamıdan yaxşı bilir.  

Orta səviyyədə tarixi bilən, vicdanlı və ya axmaq olmayan avropalı da bilir ki, düşmənlərin hər tərəfdən üstünə yeridiyi bir dönəmdə Türkiyə üçün daxili sabitliyi və millətin birliyini qorumaq hər şeydən vacib idi. Belə bir ağır zamanda öz övladı kimi saxladığı erməniləri məhv etməyə yönəlmiş siyasət aparmaq, öz içində iğtişaş yaratmaq, oturduğu budağı kəsmək Türkiyəyə qətiyyən lazım deyildi. Bunu anlamaq üçün hərbi strateq olmağa ehtiyac yoxdur.

“Erməni soyqırımı”nı tanıyan Amerika, Rusiya və Avropa dövlətləri XIX əsrdən başlayaraq, “Böyük Ermənistan” yaratmaq üçün ermənilərin türklərə və azərbaycanlılara qarşı ardıcıl həyata keçirdiyi siyasətin mahiyyətini gözəl bilirlər.

Onların məqsədi heç də xristian ermənilərə qahmar çıxmaq, “yazıq”, “əzabkeş”, “məhv olmaqda olan”  erməni “eksponatını” qorumaq deyil. “Erməni soyqırımı”nın tanınmasının ABŞ-da və ya Fransadakı erməni lobbisinin fəaliyyəti və seçki elektoratının təsiri ilə baş verməsini düşünmək də sadəlövhlükdür. Heç kim deyə bilməz ki, ABŞ Konqresinin üzvləri öz dar, 5-10 seçici səsi əldə etmək marağını ABŞ dövlətinin dünyada insan hüquqlarının, demokratiyanın, siyasi ədalətin öncülü və qoruyucusu olması imicinə qurban verə bilər.  

ABŞ-da sayca daha çox olan və daha güclü təsirə malik yəhudi və yunan diasporası olsa da, bu gün ABŞ İsrailə münasibətdə öz siyasi kursunu dəyişə bilir, dağılmaqda olan Yunanıstan iqtisadiyyatına ciddi dəstək vermir.

Deməli, qərb dövlətlərinin, xüsusən də ABŞ-ın “soyqırımı” siyasətində bir neçə strateji maraq – Qafqazdan Rusiyanı sıxışdırmaq, burada Rusiyanın son bastiyonu olan Ermənistanı onun əlindən almaq, şərqdə öz nüfuz dairəsini genişləndirmək və nəhayət, yuxarıda dediyimiz daha vacib strateji məsələlər üst-üstə düşür.

ABŞ Konqresi yalançı “soyqırımı”nı tanımaqla dünyanın bir çox ölkəsində qərb demokratiyasının üstün siyasi sistem olduğuna inanan siyasətçiləri və bu sistemin təlqinçilərini pis vəziyyətdə qoyur, ictimaiyyət qarşısında onların dilini gödək edir.

Xalq iradəsinə güvənən, xalq iradəsini hər şeydən üstün tutan demokrat insanlar qərb ədaləti və demokratiyası haqda müsbət mənada danışarkən arqumentləri ABŞ Konqresinin, Fransa Senatının və digər Avropa parlamentlərinin qəbul etdiyi ədalətsiz qərarların, “soyqırımı maskaradının” sualtı qayalarına çırpılır, dənizçilər demişkən, “melə oturur”. Başqa sözlə, ABŞ Konqresi bu son ədalətsizliyi və ədabazlığı ilə ABŞ demokratiyasının ən azından Azərbaycanda, Türkiyədə, Gürcüstanda, Rusiyada və başqa ölkələrdə olan milyonlarla tərəfdaşına xəyanət etmiş oldu. Şəkili burda deyir: “Özünüz cəhənnəm, bəs bizi niyə biabır edirsiniz?”

Qərb siyasətçilərinin öz maraqları olduğu kimi, ermənilərin haqsız ittihamlarına və əsassız iddialarına məruz qalan xalqların və dövlətlərin də öz qorxuları, narahatçılıqları var. “Soyqırımı”nı tanımaqla, qərb dövlətləri təcavüzkar erməniləri daha da azğınlaşdırır, onları hər cür xəyanətlərinin dəstəklənəcəyi fikrinə salır. Bu, ermənilərin Azərbaycan ərazilərini işğal etməsinə rəvac verən siyasət olmaqla yanaşı, qonşu dövlətlərə də ərazi iddialarını gücləndirə bilər. Bu gün Türkiyə Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılması üçün öz maraqlarından keçməyə hazır olmaqla, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, bir milyon yurdsuz-yuvasızın geri dönməsi, regionda sülhün bərpa edilməsi ilə yanaşı, daha geniş anlamda gələcək təcavüz və iddiaların qarşısını almağa çalışır.

Qarabağa təcavüzü ilə “dünya pələngləri”nin  qınağını görməyən, əksinə, bir çox hallarda dəstəyini alan “erməni siçovulu”nun Türkiyəyə, Naxçıvana, Cavaxetiyaya, İrana və Şimali Qafqaza artan torpaq iddialarını və təcavüz iştahasını beşikdə önləmək üçün region dövlətləri və ədalətli insanlar təcavüzkarı yerinə oturtmalı, yalançı “soyqırımı”na qarşı çıxmalıdırlar.

Azərbaycan xalqı nə baş verdiyini bilməli, hər cür xəyanətə hazır olmalı, Azərbaycan dövləti yeni dövrün tələblərinə uyğun olaraq tərəfdaşları ilə birgə yeni strateji xətt müəyyənləşdirməlidir.

Konkret olaraq nə etmək lazımdır? Bu başqa söhbətin mövzusudur.

 

 

 

                                                                                                  Aydın Kərimov

Bu haber toplam 1550 defa okunmuştur
DİĞER HABERLER
Üye İşlemleri